Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur
== Tarixi ==
Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin]
== Coğrafiyası ==
Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.